Neman Jumaliyev

Əziz bacı və qardaşlarım. Qurani-Kərimdə ruhun dünya həyatında Allaha qovuşmasından dəfələrlə bəhs edir. Allahu Təala Hicr surəsinin 9-cu ayəsində Qurani-Kərimi qoruyacağını və onu mühafizə edəcəyini bizlərə bəyan edib. Cin tayfasından olan şeytan adlı məxluq Qurani Kərimin orijinalını, yəni ərəbcə əslini dəyişdirə bilməyib və dəyişdirə də bilməz! Çünki Rəbbimiz Qurani-Kərimi qoruyacağını bizlərə bildirmişdir. Belə olduğunu təqdirdə şeytan insanları Allahdan və Quran həqiqətlərindən uzaqlaşdırmaq üçün başqa bir metod təyin etməli idi və bunu da bacardı. Bunu bacardığını biz hardan bilirik? Əlbəttə ki, Qurani-Kərimdən. Səbə surəsinin 20-ci ayəsi deyilənlərə bəraət qazandıran bir ayədir. Həmin ayədə şeytanın möminləri əmələ gətirən 1 firqə xaric olmaqla yerdə qalan firqələrin hamısının şeytana tabe olduğu insanlara açıqlanır. Sizlərə bir sual verirəm. 1 firqəni çıxmaq şərti ilə (Firqəyi-Naciyə, yəni nicat tapan firqə) yerdə qalan bütün firqələrin mənsubları əgər Qurani-Kərimin hökmlərini 100% həyatlarına tətbiq etsələrdi şeytan onları azdıra bilərdi? Əlbəttə ki, yox! Deməli, 1 firqəni çıxmaq şərti ilə Qurani-Kərimdə mövcud olan hökmləri yerdə qalan firqələrin mənsubları yaşamır. İslamın 5 şərtini yerinə yetirmək kifayət etmir! Çünki şeytan islamın 2 şərtini insanlara unutdurmuşdur. Həmin şərtlər aşağıdakılardır:
1) Allaha qovuşmağı diləmək;
2) Zikr.
Allaha qovuşmağı diləmək ruhumuzu dünya həyatında Allaha qovuşdurmağı diləmək mənasına gəlir. Bir çoxlarınız sual verə bilərsiniz ki, bu anlayış Qurani-Kərimin hansı ayələrində bəhs olunur? Sizlərin bu sualını əyani şəkildə Quran ayəsi ilə izah etməyə çalışacağam. Ayədə Allahın kəlamını nə cür başqa mənaya yozduqlarını sizlərə isbat edəcəm inşallah. 13-cü surənin, yəni Rəd surəsinin 21-ci ayəsinə nəzər salaq:
13/RƏD-21
Vellezîne yasılûne mâ emerallâhu bihî en yûsale ve yahşevne rabbehum ve yehâfûne sûel hisâb(hisâbi).
Və onlar Allahın (ölümdən əvvəl) Allaha qovuşdurulmasını əmr etdiyi şeyi (ruhlarını) Ona (Allaha) qovuşdurarlar. Və Rəblərinə qarşı xüşu duyarlar və pis hesabdan (cəhənnəmə girməkdən) qorxarlar.
Kəlmə-kəlmə mənası
1. ve ellezîne : və o kimsələr
2. yasılûne : qovuşdurarlar, vasil edərlər
3. mâ emerallâhu (emre allâhu) : Allahın əmr etdiyi şeyi
4. bi-hi : Ona
5. en yûsale : qovuşdurmaq
6. ve yahşevne : və qorxarlar, xüşu duyarlar
7. rabbe-hum : onların Rəbləri
8. ve yehâfûne : və qorxarlar
9. sûe el hisâbi : pis hesab
Əziz bacı və qardaşlarım. Bu ayəyə diqqətlə fikir verin. Bu ayə ruhun dünya həyatında Allaha qovuşmasından bəhs edir. Mütərcimlər bu ayədəki “yasılûne”, yəni “qovuşdurarlar, vasil edərlər” sözünü “birləşdirərlər” kimi tərcümə ediblər. Ancaq ərəbcə anlayışı olan insanlar bu ayəyə baxan kimi “birləşdirmək” kəlməsinin bu ayədə mövcud olmadığını başa düşə bilərlər. Allah ayədə “vasil edərlər, yəni qovuşdurarlar” deyir. Diqqətlə fikir verin! Mütərcimlər ayədə işlədilən “bi-hi”, yəni “Ona (Allaha)” sözünü ortadan çıxardıblar və buna görə də məna dəyişib. Ayəni “qohumluq əlaqələrinin birləşdirilməsi” kimi qələmə veriblər. “ve ellezîne” sözü “və onlar, və o kimsələr” mənasına gəlir. “və onlar” sözü işarə əvəzliyini bildirir. “yasılûne” sözü işarə əvəzliyi olan “və onlar” sözü ilə birlikdə işlədildiyinə görə “qovuşdurarlar, vasil edərlər”, yəni cəm halında ifadə olunur. “mâ emerallâhu (emre allâhu)” sözü “Allahın əmr etdiyi şeyi” mənasını bildirir. Ərəbcə bilən insanlarla söhbət etdiyimdə bu ayəni onlara göstərəndə nə deyəcəklərini bilməyərək ayədə keçən “bi-hi” kəlməsini “mâ” felinə, yəni “şey” kəlməsinə aid olduğunu söyləyirlər. Dedikləri söz necə də məntiqsizdir, elə deyilmi gözəl bacı və qardaşlarım? Çünki “bi-hi” sözü ayrılıqda “Ona (Allaha)” mənasını bildirir. “bi-hi” kəlməsi ismin yönlük halının sualını bildirən Kimə? Nəyə? Haraya? suallarından birinə cavab verir, yəni kimə? sualına. Cavab isə “Ona, yəni Allaha” mənasını ifadə edir. Bu ərəbcə bilən insanların dediyi kimi bir anlıq zənn edək. Yenə dedikləri cümlə bir məna kəsb etmir. “bi-hi” sözü bir istiqamətdən, bir yönləndirmədən bəhs edir. Bu ərəbcə bilən insanların dediyi kimi bir anlıq təsəvvür edək və “bi-hi” sözünü “mâ” sözünə istiqamətləndirək və birləşdirək. Görək nə alınır? Ayəni onların tərcümə etdikləri kimi yazıram. Nəticə aşağıdakı kimidir:
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyə birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar.
Bir daha qeyd edim ki, ayənin orijinalında “birləşdirmək” deyə bir kəlmə keçmir! Bu ərəbcə bilən qardaşların dediyindən ayə yuxarıda göstərilən mənanı bildirir. Dedikləri fikir necə də məntiqsizdir, elə deyilmi? Çünki onların dediyinə görə ayədən yuxarıdakı məna çıxırsa, onda bir neçə sual yaranır:
1) Allahın birləşdirilməsini əmr etdiyi şeyə nəyi birləşdirir?
2) Qohumluq münasibəti ilə nə əlaqəsi var?
Əziz bacı və qardaşlarım. Gördüyünüz kimi Allahın ayələrini nə cür başqa mənalara yozurlar. Bəzi ərəbcə bilən insanlar isə ayədə keçən ismin yönlük halının sualına cavab verən “bi-hi” sözünü isə “mâ” sözünə birləşdirərək “şeyi ki” mənasını çıxardırlar. Necə də məntiqsizdir, elə deyilmi? Çünki birincisi, “bi-hi” sözü dörd cür yazılan şəkilçilərdən biri olan “ki” mənasını vermir! İkincisi isə madəm ki, “bi-hi” kəlməsi “mâ” kəlməsi ilə birləşərək eyni mənanı kəsb edirsə, onda Allahu Təala ərəbcə bilən insanlara görə nə üçün “bi-hi” sözündən istifadə edib? Bu söz onlara görə artıq deyildimi? Onda onlara görə Allah ərəbcə orijinalında belə yazmalı idi: “Vellezîne yasılûne mâ emerallâhu en yûsale”. Bu ərəbcə bilən insanlara sual vermək lazımdı ki, sizlər haşa Allaha bilmədiyi şeyimi izah edirsiz? Sadəcə əstağfurullah deyirəm və Allahdan bu insanları hidayətə çatdırmalarını dua edirəm. Rəd surəsinin 21-ci ayəsinin doğru tərcüməsi isə aşağıdakı kimidir:
13/RƏD-21
Vellezîne yasılûne mâ emerallâhu bihî en yûsale ve yahşevne rabbehum ve yehâfûne sûel hisâb(hisâbi).
Və onlar Allahın (ölümdən əvvəl) Allaha qovuşdurulmasını əmr etdiyi şeyi (ruhlarını) Ona (Allaha) qovuşdurarlar. Və Rəblərinə qarşı xüşu duyarlar və pis hesabdan (cəhənnəmə girməkdən) qorxarlar.
İndi sual yarana bilər ki, hardan bilirsən ki, Allahın əmr etdiyi şey RUHDUR? Əziz bacı və qardaşlarım. Ruh bizləri digər məxluqlardan üstün qılan bir faktordur. Ruh bizlərə Allahdan üfürülüb və dünya həyatında Allaha qovuşmalıdır. Öldükdən sonra insanın iradəsindən asılı olmayaraq onsuzda ölüm mələkləri vasitəsilə RUH Allaha qovuşacaq. Ancaq Allah insanlara əmanət kimi üfürdüyü RUHU dünyada Özünə qovuşdurmağı əmr edib. Rəd surəsinin 21-ci ayəsində Allahın əmr etdiyi şeyin Allahın əmrindən olduğunu bilirik. Onda ortaya belə bir sual çıxır. Görəsən nə Allahın əmrindəndir? Bu suala cavab vermək üçün İsra surəsinin 85-ci ayəsinə baxaq:
17/İSRA-85
Ve yes’elûneke anir rûh(rûhı), kulir rûhu min emri rabbî ve mâ ûtîtum minel ilmi illâ kalîlâ(kalîlen).
Və sənə ruhdan soruşarlar. De ki: "Ruh Rəbbimin əmrindəndir". Və sizə (ruha aid) elmdən yalnız az bir şey verildi.
Kəlmə-kəlmə mənası
1. ve yes'elûne-ke : və sənə soruşarlar
2. anir rûhı (an er rûhi) : ruhdan
3. kulir rûhu (kul er rûhu) : de ki, ruh
4. min emri rabbî : Rəbbimin əmrindən
5. ve mâ ûtîtum : və sizə verilmədi
6. min el ilmi : elmdən (onun elmindən)
7. illâ : ancaq, dən başqa, sadəcə
8. kalîlen : az, çox az
Bu ayə bizim sualımıza cavab verən bir ayədir. Allahın əmr etdiyi şeyin Allahın əmrindən olduğunu bilirdik. Ruhun da Allahın əmrindən olduğunu bildik. Deməli, Rəd surəsinin 21-ci ayəsindəki Allahın əmr etdiyi şey RUHDUR. Çünki Allahdan gəldiyi üçün Allahın əmrindəndir. Əziz bacı və qardaşlarım. Sadəcə Allaha 1 dilək ərz edəcəksiniz: “Ya Rəbbim, ölmədən əvvəl dünya həyatında sənin mənə əmanət kimi üfürdüyün ruhu Sənə qovuşdurmaq istəyirəm. Nə olar Ya Rəbbim, duamı qəbul elə. Mən də sənin hidayətə çatmış övliyalarından biri olmaq istəyirəm. Mənə də bunu nəsib et”. Bu duanı qəlbən dilədiyiniz təqdirdə Allahın bu duanı qəbul etməməsinə imkan yoxdu. Allah razı olsun.